z

"Elmlər Akademiyası"

  • Açıldığı tarix:

    31 dekabr 1985-ci il.

  • Xətt:

    Yaşıl

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    Hüseyn Cavid prospekti

  • Memarlar:

    Mikayıl Useynov, Hacıbala Rəcəbov

"Elmlər Akademiyası" stansiyası

Stansiya 1985-ci ildə istismara verilmiş və paytaxtın yeni rayonlarını şəhərə birləşdirən bir qovşaqda yerləşir. Paytaxtın ən mühüm təhsil və elm ocaqlarının, eləcə də dövlət müəssisələrinin yaxınlığında yerləşərək, metropolitenin ən giriş-çıxışlı stansiyalarından biridir.
Onun inşası mürəkkəb geoloji şəraitdə, maye azotla dondurulma metodu ilə inşa olunub. Stansiyanın memarlığında maraqlı həll yolları seçilib. Platformanın orta zalında, qatar yoluna hər keçid pilonun qarşısında tünd boz rəngli qranitli döşəmə üzərində ağ rəngli səkkizguşəli milli memarlıq elementindən istifadə olunub. Onun içərisində nazik daha bir səkkizguşəli həndəsi fiqur yerləşdirilib. Bütün orta zal pilon qarşısında iki paralel ağ zolaqlarla işlənib. Pilon divarları qarşısındakı isə iç zolaqları daha iki şaquli zolaq birləşdirir və bu stansiyaya daha çevik əzəmətli saray effekti verir.
Pilon keçidləri üzərində milli ornamentlərlə işlənmiş metal haşiyələr tavanda birləşərək, elipsvari işıqlanma şəbəkəsi yaradır. Bu işıqlanma stansiyaya qədim dövrlərin saray keçidlərinin dərinliyini verir.
Sıx sərnişin kütləsi olsa da, uzun illər stansiyanın bir giriş-çıxışının olması, uzun illər burada gur saatlarda sərnişin sıxlığının yaranmasına səbəb olurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, 2015-ci il dekabrın 28-də stansiyanın ikinci giriş-çıxışı istifadəyə verildi. Bununla da stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin, ikincisi və AMEA Mərkəzi Elmi Kitabxanasının qarşısına, digəri Bəxtiyar Vahabzadə küçəsinə, daha biri isə AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutlarına olmaqla, Mətbuat prospektinə də birbaşa yaxınlığı ilə gediş-gəlişə xüsusi təsir etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilən ikinci keçid obyekt yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. 
Onun inşası zamanı ərazinin torpaq təbəqəsinin mürəkkəb geologiyası nəzərə alınaraq, metropoliten tarixində ilk dəfə sınanmış “jet-qrautinq” üsulundan istifadə olunaraq, İtaliyadan gətirilmiş müvafiq mexanizmlə qrunt bərkitmə işləri aparıldı. Stansiyanın ikinci çıxışında Almaniyanın «Thyssen Krupp» şirkətinin istehsalı olan 7 müasir eskalator qoyulub. Onlardan dördü keçidlərdə quraşdırılmış dayaz özüllü tunellər üçün olan “Tugela” tipli, üçü isə, piyada tunelinə doğru olmaqla, dərin özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Viktoriya” tipli eskalatorlardır. Burada yardımçı sahələrdə işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.
“Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılıb, ərazidə yerüstü abadlaşdırma işləri həyata keçirilib.
Stansiyanın birinci vestibülündə quraşdırılmış ET-3 tipli üç eskalator istismar müddətini başa vurduğu üçün stansiyanın birinci vestibülü 2016-cı il aprelin 15-dən sentyabr ayının 15-dək sərnişinlərin giriş-çıxışı üçün müvəqqəti bağlanıb və burada istismar müddətini başa vurmuş ET tipli eskalatorlar Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan dərin özüllü “Viktoriya” tipli avadanlıqlar əvəzləyib. Bu müddətdə stansiyanın yuxarı vestibülündə, maili gedişində də təmir-tikinti işləri aparılıb. Stansiyanln memarlıq ansamblının elementləri orijinal görkəmində qorunmaqla bərpa edilib.
Stansiyaya daxil olan qatarlarda Telman Hacıyevin “Tələbə” mahnısından fraqment səslənir.