z

"Koroğlu"

  • Açıldığı tarix:

    6 noyabr 1972-ci il

  • Xətt:

    Qırmızı

  • Yollarının uzunluğu:

    100 m

  • Ünvanı:

    H.Əliyev və Z.Bünyadov prospektlərinin kəsişməsi

  • Memarlar:

    Həsənağa Məcidov

"Koroğlu"stansiyası

Qırmızı xəttin 8-ci stansiyasıdır. “Bakı Soveti-Koroğlu” sahəsinin tərkib hissəsidir. 26 Bakı komissarlarının liderlərindən olmuş Məşədi Əzizbəyovun adını daşıyıb. Stansiyanın inşaatı zamanı yüngül və sadə tərtibatlı konstruksiyadan istifadə olunub. İki cərgə boyunca düzülmüş 32 sütun yenidənqurmaya qədər ağ-gümüşü büzməli metal təbəqə ilə örtülmüşdü. Yol divarları tünd rəngli mərmərdən işlənmişdi. Platformanın döşəməsi sütunlararası sahəsi dolanbaclı qara zolaqlı qranitlə haşiyələnmiş açıq rəngli mərmərdən işlənmişdi. Kassa zalına qədər davam edən bu kompozisiyanı keçidlərdə Məşədi Əzizbəyovun büstü tamamlayırdı. Həmin istiqamətdə 1-ci vestibüldə stansiyanın üzərində daş və şüşə konstruksiyasından ibarət pavilyon inşa olunmuşdu.
Nazirlər Kabinetinin 28 yanvar 2010-cu il tarixli qərarına uyğun olaraq, yenidənqurma işlərinə başlanılaraq, 2011-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə stansiya yenidənqurmadan sonra tam fərqli və müasir görkəmi ilə istifadəyə verilib. 
Xalq qəhrəmanı Koroğlunun adını daşıyan stansiyanın üzərində 1-ci vestibüldəki pavilyonun əvəzinə 20 metrlik şüşə-metal konstruksiya qurulub. Azərbaycanda ilk dəfə kompüter texnologiyalarından istifadə etməklə şüşə-metal konstruksiyalı vestibüldə çoxrəngli müasir, enerjiyə qənaət edən LED tipli işıqlandırma sistemi tətbiq edilib.
Giriş-çıxışların, vestibüllərin, yol divarlarının üzlükləri dəyişdirilib, Hindistan və Banqladeş istehsalı olan mərmər, qranitlə əvəz olunub. Sərnişin platformasının 32 sütununun hamısı yarıya qədər mərmərlə, digər hissəsi isə paslanmayan metalla üzlənib.
Stansiya kompleksinin tavanına yeni materiallardan asma tavan quraşdırılıb, müasir işıqlanma sistemi ilə təchiz olunub. Sərnişinlərin stansiyanın yerüstü sahəsinə daşınması üçün iki vestibüldə – şüşə-metal konstruksiya olan sahədə iki, şəhərətrafı qataralara aparan vestibüldə isə daha biri olmaqla, Almaniyanın “Thyssen Krupp” şirkətinin "Tugela" tipli eskalatorları quraşdırılıb.
Yerüstü vestibüldə, texnoloji və xidməti sahələrdə soyutma və isitmə, su təchizatı üçün müasir avadanlıqlar qoyulub, yeni nasosxana ilə təchiz olunub.
Bu stansiyada Azərbaycanda ilk dəfə tətbiq olunan daha bir yenilik vestibüldə quraşdırılmış şaquli yaşıl bağlardır.
Yerüstü nəqliyyat vasitələrinin hərəkətinin ən intensiv küçələrindən olan Mikayıl Əliyev küçəsindən metronun girişinə tərəf 112 m uzunluğunda yeraltı keçid inşa edilib. Bu keçid SSRİ dövründə layihədə nəzərdə tutulsa da, müvafiq dövlət qurumlarının qərarı ilə ləğv edilmişdi. Burada Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan birinci və ikinci tunellərdən birinin uzunluğu 140, ikincisinin isə 65 metr, enləri isə 6 metrdir. Stansiyaının digər keçid və tunellərində piyadaların hərəkətini tənzimləyən və istiqamətverici elektron lövhələr və müşahidə kameraları quraşdırılıb.
Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun “Koroğlu” operasından üvertüra fraqmenti səslənir.