z

"28 May"

  • İstismara verildiyi tarix:

    6 noyabr 1967-ci il

  • Xətt:

    Qırmızı; Yaşıl

  • Ünvanı:

    Cəfər Cabbarlı meydanı, Mirəli Qaşqay küç.; ikinci çıxışı – Salatın Əsgərova küç.

  • Yollarının uzunluğu:

    102 m

“28 May”stansiyası

"Bakı Soveti-Nəriman Nərimanov" sahəsində açılmış ilk 5 stansiyadan biridir. Paytaxtın dəmir yol qovşağının mərkəzi vağzalı yaxınlığında yerləşdiyindən təkcə metropoliten üçün deyil, həm də mühüm nəqliyyat qovşağının bir hissəsi kimi əhəmiyyət kəsb edən metro stansiyasıdır. Bundan başqa həm də metropolitenin iki mühüm xəttinin qovşağı və birləşdiyi stansiya kimi diqqət çəkir. Qeyd edilənləri, həmçinin şəhər mərkəzinə və mühüm ictimai-sosial və mədəni obyektlərə yaxınlığı nəzərə alınaraq, metropolitenin ən çox sərnişin yükü olan stansiyasıdır və onu “şəhər qapıları” da adlandırırlar.
Əvvəlki adı Azərbaycanda Sovet hakimiyyətinin qurulması şərəfinə verilmişdi. Layihə üzrə dəmiryolu vağzalı ilə vahid memarlıq ansamblı kimi inşa olunmuşdu. Stansiyanın fasadında, yuxarı vestibülün kassa zalında arabadan kosmik raketlərə qədər nəqliyyatın inkişafı - "Nəqliyatın tarixi - təkərdən-raketədək" mövzusunda metal döymə ("çekanka") var idi. Giriş tağının bir səmtində metaldan bir-birini sıxan üç əl döyülmüşdü, əks səmtdə isə şəhərin rəmzi açarı təsvir olunmuşdu.
Mərkəzi zalda arxa divarda şəhərin üzərində dəniz dalğalarını və üç məşəli əks etdirən gerbin təsviri görünürdü.
Stansiyanın döşəməsi qara cizgi elementli qırmızı qranitlə örtülərək, milli xalça effekti yaradılmışdı. Həmçinin pilon və perronun tunel divarları Uralda istehsal olunan ağ-mavi “Ufaley” mərmərləri ilə işlənərək, stansiyanın qırmızı-qara qranit döşəmə örtüyü ilə birləşərək genişlik, sadəlik vəhdətini yaratmışdı.
Müstəqillik əldə edildikdən sonra Şərqin ilk demokratik respublikasının yarandığı gün şərəfinə stansiya “28 May” adlandırıldı və müvafiq dizayn dəyişiklikləri edildi.
Orta zalda eskalatora tərəf divarda ortasında ay və səkkizguşəli ulduz yerləşdirilmiş və minbərlərin üstünlük təşkil etdiyi "İşərişəhər lövhələri" mozaik pannosu olub.
Dairəvi orta zalın yuxarı tərəfində ("Cəfər Cabbarlı" stansiyasına keçid istiqamətində) üç rəngli Azərbaycan bayrağı fonunda olan səkkizguşəli ulduzun haşiyəsində Azərbaycan Demokratik Respublikasının liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin barelyefi əks olunmuş, üzərində “Bir kərə yüksələn bayraq bir daha enməz" kəlamı yerləşidirlmişdi.
Orta zalda pilonların üzərində Azərbaycan Demokratik Respublikasına həsr olunmuş mozaik pannolar yerləşdirilmişdi. Pilonlararası sahədə hər yolda beş-beş olmaqla taxta səkkizguşəli ulduzun içərsinə 10 keramik heykəlcik ("Milli ordunun əsgərləri", "Topçu general", "Ana və uşaq", "Neft buruqlarını qoruyan əsgər", "Qəzet oxuyan müsavatçılar", "Türk ordusunun əsgərləri" və nəlbəkilər) quraşdırılmışdı. Həmin səkkizguşəli ulduzlar döşəmədə olan açılış vaxtından qalan böyük səkkizguşəli ulduzlarla (bu ulduzların sayı orta zalda 9 ədəd idi) harmoniya təşkil edirdi. Aylı-ulduzlu nəlbəkilərdən birində "1918-20" rəqəmləri, digərində isə "28 May" sözləri həkk edilmişdi.
Pannolar arxada gizli qalan üsulla işıqlandırılırdı. Stansiya yollarında ventilyasiya kanalları tunel tərəfə fasiləsiz, kəsilməyən pilonarası ayrı-ayrı tökmə dekorativ alüminium şəbəkələrlə örtülmüşdü. Şəbəkənin ornamentləri arasında da səkkizguşəli ulduz üstünlük təşkil edirdi.
1993-cü ildə “Cəfər Cabbarlı” stansiyasının açılması ilə iki stansiya arasında keçid istismara verildi.
Üçlentli eskalator yerləşən maili gedişin asboşifer tavanı 2003-cü ildə rekonstruksiya olunaraq, parlaq alüminium profillərlə əvəz olunmuşdu.
Dövlət proqramına uyğun olaraq, istismar müddətini başa vurmuş "LT-3" tipli eskalatorlar Almaniyanın “Thyssen Krupp” şirkətinin dərin özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Viktoriya” tipli 4 eskalatoru ilə əvəzlənərək, 2010-cu il sentyabrın 15-də istismara verilib.
2009-cu il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə stansiyaının Salatın Əsgərova küçəsində 40 metr dərinlikdə yerləşən ikinci giriş-çıxışı istifadəyə verildi və paytaxt metrosunun ilk ikiçıxışlı dərin özüllü stansiyası oldu.
Müasir memarlıq üslubunda inşa olunmuş ikinci çıxışın vestibülündə dərin özüllü stansiyalar üçün nəzərdə tutulmuş “ET-3M” tipli 3 eskalator istismar olunur. Stansiyaya aparan piyada tunelinin ümumi uzunluğu isə 165 metrdir. Sərnişinlər bu tunel vasitəsilə həm də “Cəfər Cabbarlı” stansiyasına da sərbəst gedə bilirlər.
2013-cü ildə stansiyada yenidənqurma işlərinə başlanıldı. 2015-ci il mayın 5-də platofrmanın orta zalında işlər başa çatdırıldı. Onun tavanı və döşəməsi eyni üslubda milli ornamentlərə əsaslanan şəbəkə təsviri ilə bəzədilərək, vahid kompozisiya quruldu. Gur işıqlandırılma və divarların yeni açıq rəngli mərmər təbəqəsi bu şəbəkəni daha təsirli edir. Stansiya yollarında işıqlandırılmış yol istiqamət nişanları qoyulub. Divarlar və ventilyasiya kanalları yeni üslubda işlənib.
Stansiyanın yuxarı vestibülü tam yeni formatda işlənib, giriş zalına yeni dizayn forması verilib. Stansiya üzərində ucalan yeni konstruksiya əvvəlki gümbəzşəkilli giriş-çıxışla müqayisədə 2 metr hündürdür və bu da stansiyaya genişlik effekti verir. Gələcəkdə xətlərin ayrılması nəzərə alınaraq, stansiya çıxışından “Cəfər Cabbarlı” stansiyasına keçid imkanı üçün daha bir pilləkən qoyulub. Vestibülün gümbəz sahəsində yeni dairəvi işıqlanma sistemi quraşdırılıb. Girişdə avtomat nəzarət-buraxılış məntəqəsinin yeri daha irəli çəkilərək, buraxıcılıq qabiliyyətinin artırılmasına xidmət edir. Həmçinin giriş pavilyonunun 150 kv.m. genişləndirilməsi, giriş qapılarından kassa zalına qədər olan sahədə sərnişinlərin hərəkət rahatlığını təmin edir.
Stansiyaya daxil olan qatarlarda “Qarabağ şikəstəsi” milli muğamından fraqment səslənir.