z

Novruz bayramınız mübarək, əziz həmvətənlər!

Novruz bayramınız mübarək, əziz həmvətənlər!

19 MART / 2021 / 18:10

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur.
Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən bu el bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri ilə bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Onun hazırda respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin verdiyi bəhrələrdəndir.
Baharın müstəqil Azərbaycan torpağına builki gəlişi Qarabağımızın yağı düşməndən azad edildiyi Zəfər təntənəsini qeyd etdiyimiz bir dövrlə üst-üstə düşür.
Ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, uca şəhidlik mərtəbəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad edir, onlara Tanrıdan rəhmət diləyir, torpaqlarımızın müdafiəsində dayanan mətin Vətən övladlarını salamlayırıq.
Bu əziz bayramı “Bakı Metropoliteni” QSC-nin kollektivi də ruh yüksəkliyi, yeni-yeni uğurlar və layihələrlə qarşılayır.
Qoy, bu bayram təravəti, nəfəsi ilə qəlbinizi isitsin, günəşli yolunuza nur saçsın.
Bayramınız mübarək, əziz həmvətənlər!