z

Bəhram Bağırzadə yenidən metroda

Bəhram Bağırzadə yenidən metroda

18 MART / 2023 / 14:00

“Bakı Metropoliteni” QSC-nin bayram tədbirləri çərçivəsində daha bir ənənəvi layihəsi metro istifadəçilərinin, xüsusən azyaşlı sərnişinlərin marağına səbəb olub. “İçərişəhər” stansiyasında təşkil edilmiş Novruz bayramı şənliklərinin proqramına uşaqdan böyüyə qədər hər kəsin tanıdığı və sevdiyi, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun veteranı Bəhram Bağırzadə ilə növbəti görüş də daxil edilib.
O, həm də uşaqlar üçün zəngin məlumatlar olan kitabların müəllifi kimi məşhurdur. Bakı metropolitenində keçirilən hər belə görüş Bəhram Bağırzadənin imza gününə də çevrilir.
Tədbirlərin ən yaddaqalan məqamlarından biri olan görüş stansiya vestibülündə başlanıb. Şən zarafatları və suallara hazırcavablığı ilə yenə insanların diqqətini çəkən Bəhram Bağırzadə 
xalqımızın adət-ənənələrini özündə əks etdirən, zəngin məlumatlı kitablarını imzalayaraq balaca dostlarına paylayıb.
Bəhram Bağırzadənin azyaşlı sərnişinlərlə görüşü şən zarafatlar, maraqlı söhbətlər və xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb.
Görüş sabah - martın 19-da da keçiriləcək.