z

Qara Qarayevin ölməz əsərləri metropolitendə

Qara Qarayevin ölməz əsərləri metropolitendə

05 FEVRAL / 2023 / 09:45

Bakı metropoliteninin stansiyalarında dahi bəstəkar və pedaqoq Qara Qarayevin ölməz musiqi əsərlərindən parçalar səsləndirilir. Bu gün dünya şöhrətli yenilikçi sənətkarın anadan olmasının 105-ci ildönümünün qeyd edilməsi münasibətilə səsləndirilən musiqi parçalarına onun yaratdığı musiqi sənəti incilərindən olan “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletləri ilə yanaşı, simfoniyaları, filmlərə yazdığı bəstələrdən və digər musiqilərindən fraqmentlər daxil edilib.
Bundan savayı, fevralın 3-dən metro stansiyalarındakı bütün monitorlarda “Qara Qarayev 105” yazısı ilə postlar yayımlanır. 
Məqsəd əsərləri ilə dünya incəsənətinə, Azərbaycanın şöhrətini yüksəldən musiqiçilər nəslinin yetişdirilməsinə əvəzsiz töhfələr vermiş bəstəkara hörmət və ehtiramı ifadə etməklə onun yaradıcılığını bir daha xatırlatmaq və geniş ictimaiyyətin diqqətini bu hadisəyə cəlb etməkdir.
Musiqi parçalarının səsləndirilməsi fevralın 6-da da davam etdiriləcək.
Onu da əlavə edək ki, paytaxtın Qara Qarayev prospektinə çıxan metro stansiyalarından biri məhz bəstəkarın adını daşıyır. “Qara Qarayev” stansiyası 1972-ci il noyabr ayının 6-da istifadəyə verilib. Müstəqillik əldə edilənə qədər “Avrora” adlandırılan stansiyaya 1992-ci il aprelin 27-də dünya şöhrətli yenilikçi bəstəkar Qara Qarayevin adı verilib. 2017-ci ildə stansiyanın keçidləri və kassa zalında təmir işləri aparılarkən, məhz dahi bəstəkarın xatirəsinə ehtiramın əlaməti kimi ağ və qara rəngli elementlərdən ibarət fortepiano dillərinin və döşəməsinə musiqi açarının təsvirləri işlənib. Stansiyaya daxil olan qatarlarda isə onun ölməz "Yeddi Gözəl" baletindən fraqment səsləndirilir.