z

Yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazırdır

Yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazırdır

25 NOYABR / 2015 / 00:00

«Elmlər Akademiyası» stansiyasının ikinci giriş-çıxışı ilə yanaşı, burada yerləşən 6 saylı dartı-alçaldıcı elektrik yarımstansiyasının yenidən qurulması da həlledici mərhələdədir. Yarımstansiyanın yeni şərtlərlə qurulması, mənəvi cəhətdən köhnəlmiş və istismar müddəti başa çatmaq üzrə olan avadanlıqların yenilənməsi metropoliten xətlərinin bu mürəkkəb sahəsi üçün ən mühüm tədbirlərdən biridir.
Yarımstansiyanın buraxılışı istiqamətində son addımlar atılır. Bu günə qədər 10 kV paylayıcı qurğuya gərginlik verilməklə, güc və işıqlanma transformatoru, 220 V və 380 V paylayıcı qurğu real güc altında yoxlanılıb. Beləcə, dartı hissəsini çıxmaq şərtilə, digər bütün avadanlıqlar və qurğular işə qoşulmuşdur.
Qeyd edək ki, yarımstansiyada 10 kV, 825 V, 380 və 220 V-luq paylayıcı qurğular, düzləndirici aqreqatlar, güc, işıqlandırma və SAT transformatorları, eləcə də sabit cərəyan, ventilyasiya, soyutma kimi avadanlıq və sistemlər artıq tam quraşdırılıb.
Son mərhələdə 10 kV ana xətt, həmçinin elektrik paylayıcılarının xətləri çəkilib. Vestibül və kassa zalı səviyyəsində işıqlandırma tamamlanıb. Əsas çıxış kabellərinin çəkilməsi və yükpaylayıcı qurğulara qoşulması, akkumulyator gücləndiricilərinin qoşulması ilə yanaşı, eskalator, ventilyasiya, işçi və qəza işıqlanma dövrəsinin, həmçinin yarımstansiyanın daxili tələbat kabellərinin tam çəkilərək qoşulması başa çatdırılıb.
İşlərin son mərhələsi - ağır və məsuliyyətli dövrü qatarların hərəkətini təmin edən dartı sahəsinin istismara verilməsi idi. Bu işin də ən məsul tərəfi hazırlıqla bağlı idi. Çünki bütün əməliyyat mükəmməl plan əsasında tərtib olunmalı, ən kiçik yanlışlığa da yol verilməməli idi. Buna görə də yarımstansiyanın bütün digər sahələri tam funksionallığı ilə fəaliyyətə gətirildikdən sonra bu həlledici mərhələyə keçildi.
Dartı sahəsinin qoşulmasının səlis şəkildə yerinə yetirilməsi məqsədilə məşqlər bir neçə gün davam etməklə müxtəlif mərhələlər əsasında həyata keçirildi və əməliyyat tam incələndi. Nəhayət, bir həftə ərzində qatarların hərəkətini təmin edən hissəsinin mərhələli qoşulması yerinə yetirilib. Real zaman şəraitində sınaqlar da uğurla başa çatdırıldıqdan sonra yarımstansiya tam gücü ilə fəaliyyət göstərməyə hazır vəziyyətə gətirilib.