z

Respublika spartakiadasının baş mükafatı metropoliten komandasına təqdim edilib

Respublika spartakiadasının baş mükafatı metropoliten komandasına təqdim edilib

09 DEKABR / 2022 / 13:35

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə müəssisə və təşkilatlar arasında keçirilmiş XXII Respublika Spartakiadasının qalibi olan metropoliten komandasına yarışın baş mükafatı təqdim edilib.
Bu münasibətlə Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) yarış iştirkaçıları ilə görüş keçirilib. MİHİ sədri Arif Mərdanov spartakiadada çempion olmuş kollektivə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun təbriklərini çatdırıb və qurumu yarışlarda layiqincə təmsil etmiş bütün iştirakçılara təşəkkür edib. O, bu qələbənin, ümumiyyətlə, kütləvi tədbirlərdə iştirakı müəssisədə əmək məhsuldarlığına, işçilər arasında kommunikasiyanın daha da artmasına müsbət təsirindən bəhs edərək, bu xüsusda sağlam həyat tərzinin təbliğində də bu layihələrin xüsusi rol oynadığını vurğulayıb.
Tədbirdə çempion komandanın hər bir üzvünə ayrı-ayrılıqda mükafatlar təqdim olunub.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin əməkdaşları bu dəfə də “Zenit”in spartakiadasında bütün idman növlərində təmsil olunub. Zəngin idman ənənələri olan müəssisənin futbol, kəndirdartma, dama və stolüstü tennis üzrə komandaları bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Daşqaldıranlar və nərd ustaları komanda şəklində 2-ci, voleybol, şahmat, güllə atıcılığı və üzgüçülükdə 3-cü yeri tutublar. Üzgüçülər və nərd ustaları üzrə komandanın üzvləri fərdi yarışda 2-ci olublar.
Yekun xal hesabında bütün rəqiblərini qabaqlayan “Bakı Metropoliteni” QSC spartakiadanın çempionu tituluna yiyələnib. Onu da əlavə edək ki, bu yarışlarda daim fəxri kürsüdə yer alan “Bakı Metropoliteni” QSC son 5 ildə ikinci dəfə ümumi komanda hesabında qalib gəlib.