z

Metropoliten respublika spartakiadasının qalibi olub

Metropoliten respublika spartakiadasının qalibi olub

29 NOYABR / 2022 / 15:07

18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlar arasında XXII Respublika Spartakiadası keçirilib.
İdarə və təşkilatların əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, kollektivlərarası münasibətlərin formalaşması və əlaqələrin genişləndirilməsi, kütləvilik və fiziki sağlamlığın təbliği, əməyin stimullaşdırılması baxımından ənənəvi olaraq keçirilən spartakiadanın rolu böyükdür.
Yarış proqramına 10 idman növü - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, üzgüçülük, nərd, dama, şahmat və güllə atıcılığı daxil idi.
“Bakı Metropoliteni” QSC-nin əməkdaşları, əvvəlki illərdə olduğu kimi, bu dəfə də Spartakiadada bütün idman növlərində qüvvələrini sınayıb, yüksək yerlər tutublar. Bir aydan çox davam edən yarışlarda metropoliten bütün növlərdə təmsil olunub.
Futbol, kəndirdartma, dama və stolüstü tennis üzrə komandalar bütün rəqiblərinə qalib gələrək çempion adına layiq görülüb. Daşqaldıranlar və nərd ustaları komanda şəklində 2-ci, voleybol və şahmat və üzgüçülükdə 3-cü yeri tutublar. Üzgüçülərdən metropolitenin xanım təmsilçisi və nərd ustaları fərdi yarışda gümüş medal qazanıblar. Turnirin son günündə güllə atıcılığı komandası 3-cü yeri tutub. Yekun xal hesabında bütün rəqiblərini qabaqlayan “Bakı Metropoliteni” QSC Spartakiadanın çempionu adını qazanıb.
Qeyd edək ki, daim bu yarışlarda fəxri kürsüdə yer alan “Bakı Metropoliteni” QSC son 5 ildə ikinci dəfə ümumi komanda hesabında qalib gəlib.