z

Dövri imtahanlar test üsulu ilə keçirilir

Dövri imtahanlar test üsulu ilə keçirilir

28 IYUL / 2015 / 00:00

Metropolitendə işçilərin hazırlığı, sayıqlığı daim diqqət mərkəzindədir. Bu məsələni tənzimləmək üçün biliklərin yoxlanması əsas şərtdir. Bu məqsədlə müəssisədə müxtəlif növ imtahanlar da tətbiq edilir və hər biri təyinatına görə, fərqli məqsədlər üçün nəzərdə tutulub. Bu sınaqlar həm də müxtəlif kateqoriyalar üzrə işçilərin müvafiq hazırlıq səviyyəsini qiymətləndirməyə imkan verir. Hərçənd məqsəd təkcə işçilərin bilik və bacarığını yoxlamaq deyil, eyni zamanda, iş keyfiyyətini müəyyən etmək, məsuliyyətini və sayıqlığını artırmaqdır. Bu imtahanlar həm də onunla əhəmiyyətlidir ki, işçini daim öz üzərində işləməyə, irəli can atmağa, yenilikləri mənimsəməyə sövq edir. Qeyd edək ki, dövri imtahanlar sahələr üzrə ixtisaslı mütəxəssislər arasında aparılır.

Hərəkət xidmətində dövri imtahanlar keçirilib. İki ildə bir dəfə keçirilən imtahanlar xidmətdə 10 ildən artıqdır test üsulu ilə aparılır. Sınaq zamanı hər bir mütəxəssis 90 sualı cavablandırır.

Sualların və cavabların hazırlanmasında xidmətin müvafiq mütəxəssisləri ilə insan resursları və xidmət departamenti yaxından iştirak edirlər. Bu sualların hazırlanmasının peşəkarlığına təminat yaradır, həm də məsuliyyəti artırmaqla, işçi hazırlığını yeni səviyyəyə çıxarır. Çünki ənənəvi imtahan üsulu ilə hər işçi 12 suala cavab verirdi. Hərəkət xidmətinin mütəxəssisləri isə 40-dan artıq təlimat üzrə sualları cavablandırmalıdırlar. 90 sualın tərtib olunması isə bütün sahələri əks etdirməyə şərait yaradır.

Bu həcm və mövzunun əhatə dairəsi işçiləri bütün təlimatları öyrənməyə məcbur edir. Üstəlik, sadəcə, əzbərləməklə suallara cavab vermək mümkün deyil. Çünki suallar hazırlanarkən, onlar təlimat tələbinə uyğun olaraq, ən incə məqamları da nəzərə alır və bu, cavablarda əksini tapır. İşçidən 4 cavabdan tapmaca yolu ilə, sadəcə, doğru cavabı deyil, onların arasından ən doğrusunu tapmaq tələb olunur. Buna görə də sual və cavabların hazırlanmasında təkcə mütəxəssis peşəkarlığı deyil, həmçinin pedaqoji, metodiki bilikləri olan kadrlardan istifadə olunur ki, tədris standartları tam tətbiq edilsin.
Sualların 70 faizinin doğru cavablandırılması mütəxəssis üçün dövri imtahanının keçid balı hesab olunur. Amma bütün bunlar yekun qərar sayılmır. İşçilər mütəmadi müvafiq praktiki məşğələlər, qəza oyunları, təlimlərdə də iştirak edirlər. Bütün bunlar, onların dövrülüyü, davamiyyəti müxtəlif sənədlərdə və qaydalarda əksini tapıb. Bu prinsiplər imtahanın növündən asılı olaraq dəyişir.

Test üsulu şəffaflığı, obyektivliyi və bərabərliyi təmin etməyə də köməkçidir. Cavablara müdaxilə etmək mümkün olmadığından subyektiv və qərəzli yanaşmanın da qarşısı tam alınır.

«Bakı Metropoliteni» QSC-nin mütəxəssislərinin iştirakı ilə müvafiq bazanın yaradılması bu sahədə fəaliyyəti genişləndirməyə imkan yaradır.