z

Təltif olunmuş metropolitençilərlə görüş keçirilib

Təltif olunmuş metropolitençilərlə görüş keçirilib

15 NOYABR / 2022 / 14:47

Noyabrın 12-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı metropoliteninin tikintisində və istismarında səmərəli fəaliyyətinə görə müəssisənin  bir sıra əməkdaşları 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif olunublar.
Noyabrın 14-də “Bakı Metropoliteni” QSC sədrinin yanında keçirilən həftəlik müşavirəni açan sədr Zaur Hüseynov Bakı metropoliteninin fəaliyyətə başlanmasının 55-ci yubiley ilində cənab Prezident İlham Əliyevin sərəncamı ilə  dövlət təltifatlarının təqdim olunmasını  müəssisənin fəaliyyətinə, onun zəhmətkeş kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib.
O qeyd edib ki, müstəqil Azərbaycanda metropolitençi əməyinə yüksək qiymətin verilməsi ənənəsinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu ənənələri layiqincə qoruyub saxlayaraq, inkişaf etdirən cənab Prezident İlham Əliyev Bakı metropoliteni işçilərinin peşə bayramı gününü təsis etməklə yanaşı davamlı olaraq, zəhmətkeş kollektivin əməyinə də daim yüksək qiymət verib. Ötən müddət ərzində metropolitençilər fəxri adlara, orden və medallara layiq görülüblər.
Təltif olunan əməkdaşları təbrik edən Zaur Hüseynov onu da xüsusi vurğulayıb ki, dövlətin ali mükafatları həm də kollektivin məsuliyyətini artıraraq, onun qarşısında daha əzmkarlıqla çalışmaq və yeni-yeni əmək uğurlarına həvəsləndirmək kimi vəzifələr də qoyur.
Təltif olunmuş metropolitençilər çıxış zamanı yüksək təltifə görə cənab Prezidentə təşəkkürlərini ifadə edərək, bundan sonra da kollektivin etimadını doğrultmaq üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildiriblər.