z

İlin ən yaxşı maşinisti - Mais İsmayılov (MÜSAHİBƏ)

İlin ən yaxşı maşinisti - Mais İsmayılov  (MÜSAHİBƏ)

05 NOYABR / 2022 / 16:00

Metropoliten İşçiləri Həmkarlar İttifaqı tərəfindən təsis edilmiş və MİHİ-nin İcraiyyə Komitəsinin 7 aprel 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İlin ən yaxşı qatar maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib. Qatar maşinisti Mais Eyyub oğlu İsmayılov müsabiqənin qalibi olub. Mais İsmayılov 2006-cı fevralın 1-dən “Nərimanov” elektrik deposunun kompleks briqadasında çilingər kimi fəaliyyətə başlayıb. 2007-ci il mayın 7-dən elektrik qatarlarının maşinist köməkçisi, 2008-ci il sentyabrın 2-dən maşinist işləyib. 2012-ci ilin martın 1-dən qatarları tək idarə edən maşinistdir. Peşə yüksəlişi sahəsindəki uğurlarına görə Mais İsmayılov 2014-cü ildə 3-cü, 2017-ci ildə 2-ci dərəcəli maşinist dərəcəsinə layiq görülüb. Müsabiqənin qalibi Metropoliten İşçiləri Həmkarlar İttifaqının İcraiyyə komitəsinin qərarı ilə minimum əmək haqqının 5 misli qədər pul mükafatına layiq görülüb.


- 16 ildir Bakı metropolitenində işləyirəm. O vaxt maşinist olmaq üçün işə mütləq çilingər peşəsindən başlamaq lazım idi. Qatarı, mexaniki və pnevmatik, elektrik avadanlıqlarını, qatar kabinasında olan bütün texniki parametrləri yaxşı bilmək üçün çilingər peşəsi başlanğıc nöqtəsi hesab olunurdu. Mənim əsas vəzifəm maşinist kabinasının elektrik sahəsindəki işlərdən ibarət idi. 2007-ci ildə depoda təşkil edilən maşinist köməkçisi kurslarına başladım. İlyarım maşinist köməkçisi oldum.

Maşinist kimi xəttə çıxdığınız ilk gün yadınızda qalıb?

- O günü dəqiq xatırlamıram. Qatarı ilk dəfə 2008-ci ilin yanvarından idarə etməyə başlamışam. Tək maşinist kimi isə 2012-ci ildən idarə edirəm.

Maşinist peşəsinə əvvəldən marağınız var idi, yoxsa metroda işlədikcə sonradan yarandı?

- Metrodan hər zaman sərnişin kimi istifadə etmişəm. Mənə maşinist kabinası kənardan həmişə maraqlı gəlirdi. Fikirləşirdim ki, görəsən, o balaca yerdə nə var, onu necə idarə edirlər, qatarı necə sürürlər, ümumiyyətlə, kabinadakı adam özünü necə hiss edir və.s. Beləcə, maşinistliyə marağım artdı, o ab-havanı gözlərimlə görmək-yaşamaq qismətim oldu.

Maşinist olmaq nə deməkdir, necə peşədir?

- Kənardan kiməsə asan, rahat görünə bilər. Amma maşinist peşəsi çox ağır, məsuliyyətli sənətdir. Bütün texniki tərəfləri qoyuram bir kənara, gün ərzində minlərlə insan həyatının səndən asılı olması maşinist peşəsinin mürəkkəbliyindən xəbər verir. Özəllikləri də çoxdur. İstər sərnişinlərlə birbaşa rabitədə olmaq, istər qatarı idarə etmək baxımından ağırlığı yetərincədi.

Yaxşı işçi-yaxşı maşinist olmağın əsas şərtləri, sizcə, hansılardır?

- Söhbət sırf maşinistlikdən gedirsə, hər şeydən əvvəl məsuliyyətli olmalısan. Nəzəri və praktiki biliklər, qəza-məşq oyunlarında göstərdiyin nəticələr, çalışmalar, yerinə yetirilən texniki tapşırıqlarla yanaşı, insan mütləq qaydada psixoloji hazırlıqlı olmalı və məsuliyyət yükünü hiss etməlidir. Özünə, sağlamlığına, nizam-intizama birmənalı əməl etməlisən. Mən maşinist işləyəndən - geridə qalan 14 ildə xəstəliklə bağlı işdən qaldığımı xatırlamıram. İşimdə də hər şey qaydasındadı, öz üzərimdə daim çalışıram, mütəmadi olaraq dərslərdə, qəza-məşq oyunlarında iştirak edirəm. Köhnə qatarlardan sonra yeni seriyalı vaqonlar haqqında biliklərimi təkmilləşdirirəm.

Kənardan sərnişin kimi müşahidə etdiyiniz maşinist kabinası ilə içində oturduğunuz kabinanı necə müqayisə edərdiz?

- Kənardan mənə həmişə çox maraqlı, qeyri-adi gəlirdi. Düşünürdüm ki, kabinada o qədər düymələr var, görəsən, onların hamısını necə idarə edirlər, necə tənzimləyirlər, hansı düymədən nə vaxt istifadə edirlər. Artıq özüm işin içində olandan sonra zaman-zaman beynimdəki bütün suallara cavab tapmışam. Artıq nəyi-necə eləmək lazım olduğunu əzbərə bilirəm. Hər detalın, düymənin yerini gözüyumulu bilirəm, çünki bu, artıq mənim həyat tərzimə çevrilib.

İşə köhnə qatar maşinisti kimi başlamısız, indi artıq yeni seriyalı müasir qatarları da idarə edirsiz. Asan-çətin tərəfləri, fərqləri nədir?

- Təzə qatarlar kənardan bəlkə asan görünə bilər, ancaq idarəetməsi heç də belə deyil. Bütün sistem elektrondur, asanlığı yalnız müəyyən məqamlar üçün keçərlidi. Maşinistin şəxsi rahatlığı, havalandırma, kondisioner, kabinada səs-küyün azalması və.s. Lakin idarəetmə istər köhnə qatarlarda, istər indiki müasir qatarlarda yenə də maksimum məsuliyyət, bilik və bacarıq, peşəkarlıq tələb edir. Cüzi fərqlərlə, demək olar ki, sistem eynidi. Təzələrin üstünlüklərindən məsələn, müasir qatarlarda digər vaqonları baş vaqondan söndürmək, yaxud hər hansı bir qoruyucunun avtomatını baş vaqondan bərpa etməyin mümkünlüyünü deyə bilərəm.

Maşinist işlədiyiniz bu illərdə başınıza nəsə bir maraqlı hadisə gəlib? Sərnişinlərlə və ya hər hansı başqa formada.

- Açığı, maraqlı elə bir hadisə xatırlamıram. Yadımda qalan həyəcanlı bir məqam var. Təxminən 10-12 il olar, şəhərin elektrik enerjisində problem yaranmışdı, ümumi gərginlik düşmüşdü. “Əhmədli-Xalqlar dostluğu” ikinci yol mənzilində sərnişinlə dolu qatarla hərəkətdə olanda gördüm ki, gərginlik düşür, dərhal dispetçerlə əlaqə yaradıb təlimata uyğun məlumat verdim. Dispetçerin göstərişi ilə sərnişinlərin tuneldən təxliyyə olunmasına başladıq. O anlarda sərnişinlərin həyəcanlanaraq panikaya düşməməsi çox vacib idi. Bunu layiqincə etdik və heç bir narahatlıq olmadı.

Bilirik ki, vaqonların qapılarını tutub saxlayan, maşinistlə əlaqə düyməsini lazımsız yerə basanlar çox olur. Bu mənada kabinadan çıxmadan salondakı sərnişinlərlə ünsiyyət qurmaq çətindir?

- Ümumən normaldı, sadəcə, sərnişinlərimizdən bir qədər diqqətli olmalarını, qaydalara əməl etmələrini xahiş edirəm. Qaydalara riayət etsələr, mənzil başına daha tez çata bilərlər. Bəlkə də qapını 10 saniyə saxlamağın iş qrafikinə gətirdiyi çətinliyi kənardan tam başa düşmək olmur. Amma metroda hər saniyənin bizim üçün böyük əhəmiyyəti var. Konkret qrafik üzrə hərəkət etdiyimizi nəzərə alsaq, qapıların saxlanması qrafikin pozulmasına, məndən sonra gələn qatarın məcburi formada gecikməsinə gətirib çıxarır. Bundan əlavə, təhlükəsizlik baxımından çox önəmlidir. Sərnişinlər bir-birinin rahatlığını, təhlükəsizliyini düşünməlidir.

Gənc maşinistlərimiz var. Nə məsləhət verə bilərsiz, yaxşı və peşəkar maşinist olmaq üçün nə etmək lazımdır?

- Üzərlərində daim çalışmalıdırlar. Verilən tapşırıqlara, təlimatlara tam məsuliyyətlə yanaşmaq lazımdır. Bu yolu seçmisənsə, belə ağır məsuliyyətli yükün altına girməyə qərar vermisənsə, var gücünlə çalışıb özünü doğrultmalısan. Hər şeydən öncə hərəkətdə olanda arxanca apardığın minlərlə insanın tam təhlükəsizliyinə cavabdehlik daşıdığını dərk etməlisən. Düşün ki, bu qədər insanın taleyi səndən asılıdır.