z

Növbəti sərgi fotoəsərlərə həsr olunacaq

Növbəti sərgi fotoəsərlərə həsr olunacaq

13 IYUL / 2015 / 00:00

İyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində foto-sərginin açılışı olacaq.
Bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə “Gənclik” stansiyasının yeni təmir olunmuş keçidləri fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır.
Qeyd edək ki, “Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzülar müxtəlif və rəngarəngdir. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Seçilmiş əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun “Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər.