z

Bakı metropoliteninin 55 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Bakı metropoliteninin 55 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

29 OKTYABR / 2022 / 06:36

Bakı metropoliteninin 55 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi və IDEA İctimai Birliyinin yaxından iştirakı ilə Bənövşəyi xəttin istismara hazırlanan elektrik deposu və yerüstü stansiyasının yerləşdiyi ərazidə ağacəkmə aksiyası keçirilib.
Elektrik deposunun təsdiq edilmiş layihəsinə uyğun geniş abadlıq işləri aparılan ərazidə təşkil olunmuş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan  İnvestisiya Holdinqinin, “Bakı Metropoliteni” QSC-nin və səhmdar cəmiyyətin Müşahidə Şurasının,Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərlikləri və kollektivlərinin nümayəndələri, İDEA İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.
Aksiya zamanı ərazinin torpaq xüsusiyyətləri nəzərə alınmaqla ETSN-in tinglik sahələrindən də gətirilmiş, ümumilikdə, 500-dən artıq çinar və sərv ağacı əkilib.
Ağacəkmə kampaniyası Xocəsən qəsəbəsində ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası baxımından da əhəmiyyət kəsb edir. Belə ki, elektrik deposunun inşa olunduğu ərazinin bir hissəsində vaxtilə pərakəndə qaydada tikilmiş obyektlər yerləşib, baxımsız qalan digər hissəsində isə ekoloji mühitə mənfi təsir edən bataqlıq və ətraf mühitin çirklənməsinə gətirib çıxaran müxtəlif tullantıların yaratdığı antisanitar vəziyyət hökm sürüb. Elektrik deposunun inşası və eləcə də aparılan abadlıq işləri ərazinin ekomühitinin sağlamlaşdırılmasına hiss olunacaq təsir göstərib.
Qeyd edək ki, inşaat işlərinin müxtəlif dövrlərində sahələrdə “Bakı Metropoliteni” QSC  tərəfindən ərazinin abadlaşdırılması ilə yanaşı, 1000-ə yaxın müxtəlif ağac əkilib, yaşıllıq sahələri yaradılıb.
Xocəsən qəsəbəsində yerləşən elektrik deposunda inşaat işlərinin üç mərhələdə aparılması nəzərdə tutulub. Hər mərhələ üzrə ağacların əkilməsi, yaşıllıqların salınması, o cümlədən işçilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət parkının qurulması nəzərdə tutulub.