z

 Yaddaşlardan silinməyən metro faciəsi

 Yaddaşlardan silinməyən metro faciəsi

28 OKTYABR / 2022 / 14:53

"Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında 1995-ci il oktyabrın 28-də  baş vermiş və   Bakı Metropoliteninin tarixinə qara hərflərlə yazılmış qəzadan 27 il ötür. Həmin gün axşam saat 18:00 radələrində  “Ulduz”  stansiyasından  “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin elə tuneldəcə həlak olub, 270 nəfər xəsarət alıb. 
Yanğının baş verdiyi ilk anlarda sağ qalan çarəsiz insanlara metropoliten işçiləri ilə birlikdə, elə həmin qatarın sərnişinləri  kömək göstəriblər. Yüzlərlə sərnişin operativ xilasetmə tədbirləri nəticəsində tüstü ilə dolu tuneldən çıxarılıb.
Hadisə zamanı orada olan C.Naxçıvanski adına hərbi liseyin bölük komandirinin siyasi-hərbi işlər üzrə müavini, baş leytenant Çingiz Babayev, məktəbin kursantları Nicat Səfərov, Ruslan İsayev, Samir Məmmədov birlikdə neçə-neçə insanın həyatını xilas etdilər.
Faciədən bir həftə sonra isə Ümummilli Lider Heydər Əliyevin 3 noyabr, 1995-ci il tarixli fərmanı ilə C.Naxçıvanski adına hərbi liseyin kursantları (ölümlərindən sonra) “İgidliyə görə’’medalı ilə təltif olundular. Çingiz Babayevə isə (ölümündən sonra) Milli Qəhrəman adı verildi.
28 oktyabr faciəsinin  hər ildönümündə olduğu kimi, bu gün də Çingiz Babayevin  “Ulduz” stansiyasında qoyulmuş büstü metropoliten kollektivi və həlak olanların yaxınları tərəfindən  yad edilib. O faciənin qurbanlarının xatirəsi və həyatını başqa insanların xilası yolunda fəda edən qəhrəmanlar heç vaxt unudulmur, unudulmayacaq!
 Allah rəhmət eləsin!