z

Rəhilə ananın Nurlanlı xatirələri

Rəhilə ananın Nurlanlı xatirələri

13 OKTYABR / 2022 / 10:18

Vətənin mərd övladı kapitan Nurlan Hamlet oğlu Mustafayev... 44 günlük Vətən savaşının fədaisi, Hadrut uğrunda gedən döyüşlərin qəhrəmanı şəhid Nurlan... Özündən sonra danışdıqca bitməyəcək xatirələr, qürurlu şəhid adı, gözüyaşlı ana qoyub gedən Nurlan…
Varlığını, ümidlərini, arzularını doğma torpağına qurban vermiş igid Nurlan Mustafayevin şəhadətinin iki ili tamam olub. Bu ərəfədə Yasamal rayon Heydər Əliyev Mərkəzində Rəhilə Ramazanovanın əziz övladının xatirəsinə həsr etdiyi, dərdini həsrətlə, qürurla hər səhifəsinə köçürdüyü “Ruhən şəhid ANAnın NURLANmış xatirələri” kitabının təqdimatı keçirilib. 
Tədbir iştirakçılarına mərkəzin foyesində Nurlan Mustafayevin şəkillərindən ibarət sərgi nümayiş olunub. Hər şəkildən bir nurlu an boylanırdı. Bu qısa ömrünə nə qədər uğur, nə qədər nailiyyət sığışdırmışdı igid Nurlan. Sərgiyə toplaşanlara Nurlan Mustafayevin “Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilməsi, keçdiyi şərəfli həyat yolu barədə məlumatlar verilib.
Təqdimat mərasimini kitabın redaktoru, “Missiya TV”nin siması Lamiyə Rövşənqızı açıb. Azərbaycanın Dövlət Himni səsləndikdən sonra, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
İştirakçılar televiziya kanallarında şəhid Nurlanın xatirəsinə həsr olunmuş verilişlərin fraqmentlərindən hazırlanmış videoçarxı izləyiblər.
Şəhid anası, müəllif Rəhilə Ramazanova kitabın ərsəyə gəlməsindən bəhs edərək, “İki ildən sonra kitabı ərsəyə gətirə bildim. Oğlum Nurlan, eyni zamanda adını Zəfər tarixinə qızıl hərflərlə yazmış xüsusi təyinatlıların kapitanı Nurlan Mustafayev haqqındadır bu kitab... Torpaq, Bayraq müqəddəsdir və o bu müqəddəs amal uğrunda canını fəda etməkdən çəkinmədi. Həmişə dediyim bir söz var: hər şəhidin arxasınca bir ana şəhid olur”. Hər sahədə mükəmməl olan Nurlanım haqqında sadə bir xatirə kitabıdır, bu, paramparça, çat-çat olmuş ana ürəyinin fəryadıdır, bəlkə də təsəllisidir... Onunla bağlı hisslərimi ifadə etmişəm, ən xırda detalları belə qaçırmamağa çalışmışam. Kitabı çox çətinliklə başa gətirdim, hər xatirəni yazdıqca Nurlanlı günlərə geri qayıtdım, həmin hadisələri yenidən yaşadım. Göz yaşlarımı ətrafdakılardan gizlədərək sızıldaya-sızıldaya yazdım. Ana yaddaşının məhsuludur bu kitab...”
Gələcəkdə filmlərə, ana obrazının yaradılmasına təkan verəcək bir kitabda kiçik də olsa, rolunun olmasına görə qürur hissi keçirdiyini deyən Telli Pənahqızı xüsusi vurğulayıb: “Rəhilə xanım, mən sizin rəssam kimi çizdiyiniz rənglərə toxunmadım, toxuna bilmədim. Ön sözünüzə belə toxuna bilmədim və bu səbəbdən “Son söz” ərsəyə gəldi”.
Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçsı Elşad Həsənov qeyd edib ki, Nurlan Mustafayev və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş övladlar xalqının qan yaddaşında əbədi yaşayacaqlar. O, şəhid anasına qəhrəman övlad böyütdüyünə görə minnətdarlığını bildirib, 2020-ci ildə tarixi Zəfərin qazanılmasında Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla, şəhid və qazilərimizə ömrümüzün sonuna kimi borclu olduğumuzu dilə gətirib.
Millət vəkilləri Ülvi Quliyev, Məlahət İbrahimqızı, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev şəhidlik zirvəsinin müqəddəsliyindən, aliliyindən danışaraq, qəhrəman analar qarşısında baş əydiklərini vurqulayıblar.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov övlad itkisinin acısını mətinliklə qarşılayan Rəhilə Ramazanovanın xatirələrin nisgilli ağuşunda yaşadığı əzablara rəğmən onun belə bir kitabı ərsəyə gətirməsini qəhrəmanlıq nümunəsi adlandırıb. O bildirib ki, qəhrəman Nurlanın anası Rahilə Ramazanova 20 ildən artıqdır metropolitendə çalışır. Hazırda Eskalator xidmətində çalışan Rəhilə xanım İşarəvermə və rabitə xidmətinin istehsalat-texniki şöbəsinin mühəndisi və rəhbəri də olub. O qeyd edib ki, hələ uşaq ikən ağır xəstəlik səbəbindən atalarını itirən Nurlanla, bu gün metropolitençilər cərgəsində bilik və bacarığı, insani keyfiyyətləri ilə seçilən şəhidimizin qardaşı Fuad Mustafayevin min bir əzab-əziyyətlə ana himayəsində boya-başa çatmasına baxmayaraq, iki layiqli övladın timsalında Rəhilə Ramazanova ilə qürur duyduğunu xüsusi qeyd edib.
Hidayət Məmmədov metropolitendə 21 şəhid ailəsi üzvü, 300-dən Qarabağ müharibələri veteranı olduğunu deyib. Diqqətə çatdırıb ki, şəhid ailələri və müharibə veteranlarına dəstək məqsədilə metropolitendə nümunəvi sayıla biləcək “Şəhid ailələrinə və müharibə veteranlarina yardım mərkəzi”i yaradılıb. 
Tədbirdə çıxış edənlər qəhrəman övlad yetişdirmiş Rəhilə xanıma kitab qələmə aldığına, ülvi və qarışıq hissləri yaşayan ana obrazını yaratdığına görə təşəkkürlərini ifadə ediblər. Tədbirdə Nurlan Mustafayevə həsr olunmuş şeir səsləndirilib. 
Dağ vüqarlı, qəhrəman övlad anasına yaraşan məğrur duruşlu Rəhilə xanım övladına olan sevgiyə, özünə, ailəsinə verilən dəyərə və dəstəyə görə hamıya dərin minnətdarlığını bildirib.

Xüsusi təyinatlı kapitan Şəhid Nurlan Mustafayevin xatirəsinə həsr olunur:
Hər ŞƏHİD-in arxasınca bir ana şəhid olur.