z

“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək

“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində işləyəcək

12 OKTYABR / 2022 / 16:22

Oktyabrın 13-də Bakı metropoliteninin “Gənclik” stansiyasında UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar iş rejimində dəyişikliklər ediləcək. Stansiyanın yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.
“Bakı Metropoliteni” QSC-nin müvafiq əməliyyat planına uyğun olaraq, bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Nəzarət mexanizmləri gücləndirilməklə, stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.
Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək. Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.

“Qarabağ”a uğurlar arzu edirik!