z

“Siemens SI”: Bakı metropoliteni ilə layihələr qürurvericidir

“Siemens SI”: Bakı metropoliteni ilə layihələr qürurvericidir

10 OKTYABR / 2022 / 10:24

“Siemens Smart Infrastructure” (“Siemens SI) şirkətinin Azərbaycan nümayəndəliyinin baş direktoru Azər Quliyev “SiemensWorld INTRA” nəşrinin “Dövlət səfəri” rubrikasının qonağı olub. Müsahibədə şirkətin Azərbaycanda fəaliyyətinin 130 ildən artıq məqamlarına toxunulmaqla yanaşı, Bakı metropoliteni ilə layihələrdən də bəhs edilib.

- Əvvəlcə, ölkənizdə “Siemens”in fəaliyyət tarixçəsi haqqında məlumat verərdiniz?

- “Siemens”in Azərbaycanda 130 ildən artıq tarixi var. 1883-cü ildə şirkət Qalakənddə ilk su elektrik stansiyasını tikib. Bunun ardınca 1901-ci ildə Bakıda “Bibiheybət” elektrik stansiyası istifadəyə verilib. Söz yox ki, Sovet dövrü “Siemens” kimi beynəlxalq şirkətlərin biznes imkanlarının azalmasına səbəb olub. SSRİ dağılandan sonra Azərbaycanda nümayəndəliyin açılması isə vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Son 20 ilə nəzər salsaq, demək olar ki, fəaliyyətimizin Azərbaycanda infrastruktur layihələrə verdiyi töhfələr son dərəcə diqqətəlayiqdir. Bu kontekstdə iki irimiqyaslı layihəni - Sumqayıtda 505 MVt gücündə elektrik yarımstansiyanın və iki reabilitasiya layihəsini qeyd etmək istərdim. Bunlardan əlavə, bir neçə yeni hava və qaz izolyasiyalı yüksək gərginlikli yarımstansiyaların inşasının da əlavə edə bilərəm.

- Bu gün şirkət Azərbaycanda hansı mövqedə dayanır?

- 2020-ci ildən nümayəndəliyimiz, əsasən, SI (Smart Infrastructure) və DI (Digital Industries) portfellərinə daha çox diqqət ayırır. Ən mühüm Sİ layihələrindən biri Bakının şəbəkə operatoru “Azərişıq” ASC-nin paylayıcı və idarəetmə sisteminin miqrasiyası ilə bağlıdır. “Spectrum Power CC”dən növbəti nəsil “Spectrum Power 7”yə keçid nəticəsində Azərbaycanda 10 milyondan çox insan elektrik təchizatının əhəmiyyətli dərəcədə artan təhlükəsizliyindən faydalanır. Bundan əlavə, “Business Unit Electrification & Automation” (SI EA) “Value Added Reseller” (VAR) ilə birlikdə Abşeron yarımadasında 220/110/35/10/6 kV-luq Qala yarımstansiyasının layihələndirilməsi təmin edilib və layihə üzrə işlər təhvil verilərək istismara buraxılıb. Nəhayət, Azərbaycanda “Siemens SI” yerli paylayıcı qurğu istehsalçıları ilə çox uğurla əməkdaşlıq edir. Bununla bağlı orta gərginlikli paylayıcı qurğuların yerli istehsalçıları üçün SION dövrə kəsicilərinin satışını qeyd etmək olar.

- Ölkənizdə hansı rəqabətlə qarşılaşırsınız?

- Davamlı ənənəvi rəqiblər var. Eyni zamanda, yerli bazarın təklif etdiyi imkanlarla maraqlanan Türkiyə, Rusiya, Koreya və Çin tədarükçülərini qabaqlamalıyıq və daim fəal olmaq, yeniliklər təklif etmək vacibdir.

- “Siemens” üçün potensialı olan inkişaf bazarları hansı istiqamətlərdir?

- Azərbaycanda sahənin inkişaf istiqamətlərini bir neçə sektora bölmək olar. Günəş və külək parkları, ağıllı şəhərlər və kəndlər üçün məhsullar və həllər, nəqliyyat vasitələri üçün elektron şarj cihazları, həmçinin “Microgrid” nəzarətçiləri əsas istiqamətlərdir.

- Hazırda hansı problemlər var?

- Hazırda bizim əsas problemlərimiz məhsulun qiymətinin artması və çatdırılma müddətinin uzanması ilə bağlı yaranan məsələləri xüsusi qeyd etmək olar.

- Hansı nailiyyətlər sizə xüsusilə qürurvericidir?

- “Bakı Metropoliteni” QSC üçün son illər ərzində həyata keçirdiyimiz layihələri qeyd edə bilərik. 2021-ci il mayın 29-da “8 Noyabr” stansiyasının açılması nümunədir. Bu stansiya Bənövşəyi xəttin üçüncü stansiyasıdır və şəhərin mərkəzi ilə Bakının digər rayonlarının birləşdirilməsində xüsusi rol oynayır. Buna qədər metro stansiyalarının layihələndirilməsini, mühəndis işlərini, nəzarəti və istismara verilməsini əhatə edən əvvəlki 6 layihə “Siemens Mobility” ilə əməkdaşlıq çərçivəsində icra olunub. “Bakı Metropoliteni” QSC ilə daha bir qarşılıqlı layiməiz də var. “28 May” stansiyasında elektrik yarımstansiyanın telemetriya sistemləri qurulacaq və digər qurğularla təchiz olunacaq.

- Ölkənizə səfər edərkən nəyi diqqətdə saxlamalıyıq? Həmkarlara tövsiyələriniz varmı?

- Azərbaycan gözəl ölkədir və ziyarət etmək üçün çoxlu maraqlı bölgələr təklif edilir. Siz şəhərlərə üstünlük verirsinizsə, o zaman Bakıdan başlayın. Bakıda Abşeron Milli Parkında gəzintiyə çıxın, İçərişəhərə (köhnə şəhər) baş çəkin və həqiqi mühitdə kiçik kafelərdən birində nahardan həzz alın. Muzeylərə, sənət qalereyalarına, mədəniyyət mərkəzlərinə, eləcə də gecə saatlarına qədər açıq olan istirahət obyektlərinə gedin. Qobustan Milli Parkı Bakının yaxınlığındakı başqa bir aləmdir. YUNESKO-nun dünya irsinin bir hissəsi olan onun məşhur qayaüstü təsvirlərə və ya – Yanardağa gedib yamacda fasiləsiz yanan təbii qaza baxın. Yox əgər kəndi sevirsinizsə, Şəkiyə getməli və əvvəlki əsrlərdə səyahət edən tacirlər və onların malları üçün qorunan gecələməni təmin edən yuxarı və aşağı karvansaraya baş çəkməyi tövsiyə edirəm. Şamaxı isə İslam memarlığının şah əsəri olan heyranedici Cümə məscidinin yerləşdiyi şəhərdir. Tarixi görünüşünü qoruyub saxladığı və orta əsrlərə aid küçələri, eləcə də bu gün də çiçəklənən mis, dəri və xalça sənətlərini özündə cəmləşdirdiyi üçün Lahıc kəndi də səfərinizin bir hissəsi olsa, yaxşıdır. Xülasə, görmək üçün çoxsaylı ecazkar görməli məkanlar var. Yolboyu füsunkar mənzərələr və yabanı təbiət sizə yeni nəfəs verəcək. Azərbaycana gəlsəniz, heç vaxt peşman olmayacaqsınız.