z

“Bakı Metropoliteni” QSC-də Anım Günü qeyd edilib

“Bakı Metropoliteni” QSC-də Anım Günü qeyd edilib

27 SENTYABR / 2022 / 11:13

“Bakı Metropoliteni” QSC-də 27 Sentyabr - Anım Günü ilə əlaqədar mərasim keçirilib. Müəssisənin rəhbərliyi və nümayəndələri, Metropoliten İşçiləri Həmkarlar İttifaqının kollektivi “Nərimanov” elektrik deposunda metropolitençi şəhidlərin xatirə abidəsini ziyarət ediblər. Abidənin önünə əklillər qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Hazırda Bakı metropolitenində 21 şəhid ailəsi üzvü, eləcə də hər iki Qarabağ müharibəsinin 300-dən artıq veteranı çalışır. 2022-ci ilin may ayında metropolitendə onların sosial qayğılarını əhatə edən mərkəz yaradılıb.
27 sentyabr Qarabağ və Şərqi Zəngəzur torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda şanlı Zəfər tarixinin başlandığı gündür. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımızı cəmi 44 gün ərzində azad edərək qəhrəmanlıq salnaməsinin parlaq səhifələrini yazıb. Vətən Müharibəsi noyabrın 10-da düşmən ölkə rəhbərliyinin məcburi təslimçilik aktını imzalaması ilə nəticələnərək, əsgər və zabitlərimizin qanı bahasına azad edilmiş torpaqlarla yanaşı, Kəlbəcər, Ağdam və Laçın rayonları döyüş əməliyyatları aparılmadan rəşadətli Azərbaycan ordusunun nəzarəti altına keçib.
44 günlük Zəfərin yazıldığı haqlı savaşda Bakı metropoliteninin 53 nümayəndəsi də qəhrəmanlıqla döyüşüb. Kollektivdə II Qarabağ müharibəsi iştirakşılarının sayı 82 nəfərdir.
“Bakı Metropoliteni” QSC-nin kollektivi şəhidlərimizin xatirəsini daim əziz tutur, onların ruhu qarşısında baş əyir. 
Qarabağ Azərbaycandır!