z

“8 Noyabr” ilk sərnişinlərini qəbul edib

“8 Noyabr” ilk sərnişinlərini qəbul edib

31 MAY / 2021 / 17:25

Bu gün may ayının 31-də Bakı metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü, Vətən müharibəsində qazandığımız böyük zəfər şərəfinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə “8 Noyabr” adlandırılmış və mayın 29-da istifadəyə verilmiş stansiyası sərnişinlərinə xidmət göstərməyə başlayıb.
Bununla metronun “Avtovağzal” stansiyasından başlanan və Xocəsəndən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi-8 Noyabr” mənzili şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulub. Beləliklə, hazırda metropoliten xətlərinin uzunluğu 40 km-ə yaxınlaşıb.
Sərnişinlər bu stansiyadan istifadə edərək, xətt boyunca “Memar Əcəmi” və “Avtovağzal” stansiyalarına qədər birbaşa hərəkət edə bilərlər. Metropolitenin digər xətləri üzrə hərəkət etmək üçün Bənövşəyi xəttin “Memar Əcəmi” stansiyasından Yaşıl xəttin “Memar Əcəmi” stansiyasına keçməli və yollarını seçdikləri istiqamət üzrə davam etdirməlidirlər.
Baki Metropoliteni Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları “8 Noyabr” stansiyasının ilk sərnişinləri ilə söhbət edərək,onlardan metronun fəaliyyətinin bərpası, eyni zamanda da yeni stansiya haqqında təəssüratlarını öyrəniblər.
Paytaxtımızda yerləşən böyük marketlərdən birinin əməkdaşı Mikayilzadə  Bahadur:
-Karantin dövründə, metronun işləmədiyi vaxtlarda işə və yaxud hər hansı bir yerə getmək üçün bir-neçə marşrut dəyişməli olurdum. Metronun fəaliyyətinin bərpası hamı kimi məni də çox sevindirdi. Üstəlik də iş yerimə bir-neçə addımlıq məsafədə yeni stansiyanın açılması və erməni qəsbkarları üzərindəki Şanlı Qələbəmizin şərəfinə “8 Noyabr” adlandırılması sevincimə sevinc qatır.
Əslən Qarabağlı olan Zeynalova Aidə Şəmil qızı:
-    Stansiyaya daxil olduğum ilk andan sevincimin həddi-hüdudu yoxdur. Şanlı Qələbəmizi əks etdirən posterləri gördükcə qürurdan ürəyim dağa döndü. Başda Prezidentimiz İlham Əliyev olmaqla, bu stansiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Aşbaz Əhmədov Həsən:
-    Metronun,eləcə də yaşadığım ünvanda yeni stansiyanın açılması çox sevindirici haldır. Hər gün bu stansiyaya daxil olarkən  düşmən üzərində misilsiz qələbəmizin sevincini yenidən yaşayacağam.
Hərbi hospitalda tibb bacısı işləyən Muxtarova Qızılgül:
-Çox sevinirəm, nəhayət ki, məhdudiyyət aradan qalxdı və metro açıldı. Yeni stansiya da möhtəşəmdir.Bu münasibətlə  hamını təbrik edir,metropolitençilərə ağir, eyni zamanda da şərəfli işlərində uğurlar arzulayıram.