z

Qərarlar

08 SENTYABR / 2022

Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasından fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 1-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə eyni qərarlar qəbul edirlər;
2.2. xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun tənzimlənir.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 22 yanvar 2021-ci il
№ 12